Xocalı faciəsi-tariximizin qanlı səhifəsi
- Oğuz rayon Heydər Əliyev Mərkəzi
- 25 февр. 2016 г.
- 2 мин. чтения




Oğuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 25 fevral 2016-cı il tarixdə Oğuz rayon 3 saylı məktəb-liseydə “Xocalı faciəsi tariximizin qanlı səhifəsi” adlı geniş tədbir keçirilmişdir. Tədbirdə Oğuz rayon Gənclər və İdman İdarəsinin, YAP Oğuz rayon gənclər təşkilatının rəhbərliyi, Rayon Tarix-Diyarşünaslıq muzeyinin, Mərkəzi kitabxananın əməkdaşları, Oğuz 3 saylı məktəb-liseyin müəllim və şagird kollektivi iştirak etmişdir.
Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru M.Abbasova XX əsrin ən böyük cinayətlərindən olan Xocalı soyqırımı haqqında məlumat vermiş, Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımının tarixindən, bu faciənin baş vermə səbəblərindən bəhs edən “Məhv edilmiş şəhər” adlı videoçarx təqdim edilmişdir. Heydər Əliyev Mərkəzinin əməkdaşı L.Yusifova “Soyqırımlar arasında nə fərq var: beynəlxalq cinayət yoxsa soyqırım” mövzusunda çıxış etmiş, 1918-ci il Azərbaycanlıların soyqırımını, 1992-ci il Xocalı soyqırımının mahiyyətini dünyada baş verən Lidiçe, Xatın, Sonqmi kimi soyqırım adlandırılan beynəlxalq cinayətlərlə müqayisəli təhlilini vermişdir. “Tariximizin daş salnamələri:Xocalı daş yaddaşımız” adlı mövzuda çıxış edən Mərkəzin əməkdaşı X.Rəşidova 1992-ci il Xocalıda törədilmiş dəhşətli soyqırımın həm də Azərbaycanın ən qədim mədəniyyət abidələrinə Xocalı-Gədəbəy, Xocalı-Qarabağ mədəniyyətinə qarşı törədildiyi diqqətə çatdırmışdır. Heydər Əliyev Mərkəzinin direktoru M.Abbasovanın çıxışında diqqətə çatdırılmışdır ki, Azərbaycan xalqı tarixi unutmur, Xocalı həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində mühüm addımlar atılır. Təkcə onu qeyd etmək kifayətdir ki, Heydər Əliyev Fondunun vitse –prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” Beynəlxalq təbliğat və məlumatlandırma kompaniyasının gördüyü işlər nəticəsində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras və Sudan parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırım aktı olduğu təsdiq edilmişdir. Rumıniya, Bosniya və Hersoqavina, Serbiya, İordaniya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 17 ştaının icra və qanunvericilik orqanları Xocalı faciəsinə dair qətnamələr qəbul ediblər.
Tədbirdə Oğuz rayon 3 saylı məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim edilmişdir.
Daha sonra çıxış edən YAP Oğuz rayon Gənclər Təşkilatının sədri M.Ramazanov Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımıın nəsillər keçsə də heç bir zaman unudulmayacağını bildirmiş, Xocalı faiəsinin xalqımızın ləyaqətli, mərd , vətənpərvər övladlarının yaddaşında əbədi həkk olunmuş tarixi fakt olduğunu vurğulamışdır.
Sonda tədbir iştirakçılarına Heydər Əliyev Mərkəzinin hazırladığı Xocalı soyqırımına həsr edilmiş bukletləri paylanılmışdır.
コメント