Dövlət bayrağımız-qürur yerimiz!
- Oğuz rayon Heydər Əliyev Mərkəzi
- 9 нояб. 2017 г.
- 3 мин. чтения
Bayraq-bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər bir rəng və simvol özəl bir məna daşıyır. Tarixdə ən şərəfli bayraqlardan biri də türk bayraqlarıdır. Qədim türk yurdu olan Azərbaycan torpaqlarında uzun əsrlər boyu türk dövlətlərinin bayraqları dalğalanmışdır. Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri, onun Milli Bayrağı - Dövlət bayrağıdır. Respublikamızın dövlət bayrağı – müstəqil Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Dövlət bayrağımız üzərində səkkizguşəli ulduz və aypara təsvir edilmiş, mavi, qırmızı, yaşıl rəngli 3 zolaqdan ibarətdir. Bu rənglər xalqımıza və dövlətimizə aid olan üç mühüm cəhəti özündə birləşdirir. Mavi rəng türk soyumuzu, qırmızı rəng müasirliyimizi, yaşıl rəng isə müqəddəs İslam dinini ifadə edir. Bu gün Konstitusiya ilə müstəqil Azərbaycan Respublikasının dövlət rəmzlərindən biri sayılan üçrəngli bayrağımızın yaranma tarixi XIX əsrin əvvəllərinə təsadüf edir. Bu bayraq 1918 - 1920 - ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılmış milli dövlətçilik atributlarındandır. Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurası 1918 - ci il noyabrın 9 - da hökumətin başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli – mavi, qırmızı, yaşıl zolaqlı və üzərində ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq olunması haqqında qərar qəbul etmişdir. Milli bayrağımız ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırılmışdır. Lakin Azərbaycan Xalq Cumhuriyyətinin ömrü uzun olmadı, o, qonşu iri dövlətlərin məkrli planları nəticəsində 1920 - ci ildə süqut etdi. Xalq üçrəngli bayrağından məhrum edilsə də, ona olan sevgini ürəyində yaşatdı. Düz 70 il xalqın qəlbində istiqlal sevgisi və istiqlalın rəmzi olan üçrəngli bayrağa məhəbbət səngimədi. İnsanlar milli bayrağımızın nə vaxtsa yenidən başımız üzərində dalğalanacağına həmişə böyük ümid bəsləyirdilər. Xalqın arzuları 70 il ötəndən sonra həyatda öz təsdiqini tapdı. Üçrəngli bayrağımız əvvəlcə qədim Naxçıvan torpağında qaldırıldı. 1990 - cı il noyabrın 17 - də üçrəngli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Muxtar respublikanın dövlət bayrağı kimi təsdiqləndi. 1991 - ci il fevralın 5- də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın Azərbaycanın dövlət bayrağı kimi təsdiq olunması haqqında Konstitusiya Qanunu qəbul etdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. Konstitusiyanın 75-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Bundan əlavə, ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun" - deyə ulu öndər çıxışlarında dəfələrlə bildirmişdir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı digər bir Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilmişdir. 2010-cu ildən etibarən noyabrın 9-u hər il Respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur. Həmin açılışda Prezident İlham Əliyev demişdir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir.” 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Dövlət bayrağı Respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Bayraq böyük qüvvədir. Bayraq elə bir qüdrətdir ki, əlində ən qorxunc bir silah tutan məğlubedilməz əsgər də ona baş əyir. Bayraq elə bir cəsarətdir ki, əliboş 20 yanvar şəhidlərimizi bir an belə tərəddüd etmədən xalqın azadlıq arzusunu boğmaq və məhv etmək istəyən zirehli tankların altına apardı. Bayraq elə bir şərəfdir ki, xalqların ən böyük şərəfə layiq gördüyü insanlar onun qarşısında diz çöküb öz xalqına sədaqət andı içirlər. Bayraq elə bir müqəddəs varlıqdır ki, onun altında ölmək belə şərəflidir. Bayraq and yerimizdir,andımıza sadiq olaq! Bayraq gününüz mübarək! Oğuz rayonunda keçirilən "Bayraq günü"nə həsr edilmiş tədbirlərdən.


Commentaires