15 İYUN -QURTULUŞ GÜNÜ
- Oğuz rayon Heydər Əliyev Mərkəzi
- 16 июн. 2016 г.
- 2 мин. чтения
Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyev.
Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi. Indi inamla söyləyə bilərik ki, Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Ümummilli liderimiz Gəncədə baş verən hadisələrə münasibət bildirərkən demişdi: “Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və qanunu pozmuş bütün adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdırlar”. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizəMilli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!

Comments