20 yanvar-Müstəqilliyimizin şəhidlik zirvəsidir.
- Oğuz rayon Heydər Əliyev Mərkəzi
- 19 янв. 2017 г.
- 1 мин. чтения
Azərbaycan Respublikası Prezident Administrasiyasının 20 yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə əlaqədar verilmiş sərəncamına uyğun olaraq 19 yanvar 2017-ci ildə Oğuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Oğuz şəhər 3 saylı məktəb-liseydə “20 yanvar-Müstəqilliyimizin şəhidlik zirvəsidir” adlı geniş tədbir keçirildi. Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin , Oğuz Gənclər və İdman İdarəsinin, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Oğuz şəhər üzrə nümayəndələri, Mərkəzin əməkdaşları, 3 saylı məktəb-liseyin şagird və müəllim kollektivi iştirak edirdi. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Mehriban Abbasova açdı. Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra 1990-cı il 20 yanvar hadisələrinə həsr edilmiş videoçarxa baxıldı. Mərkəzin elmi işçisi İntizar Seyidova çıxışında qeyd etdi ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş bu gündə öz ölkəsinin, xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Çıxışçı qeyd etdi ki, bu günün həqiqətlərini dünyaya bildirən, 20 yanvar hadisələrinə ilk hüquqi-siyasi qiyməti verən məhz Ulu öndər Heydər Əliyev olmuşdur. Ümummilli lider Heydər Əliyevin 20 yanvar hadisələrinin ertəsi gün Azərbaycanın Moskvadakı daimi nümayələndiyinə gəlməsi və hadisənin günahkarlarının cəzalandırılması haqqında videoçarxa baxıldı. Daha sonra 3 saylı məktəb-liseyin şagirdlərinin hazırladıqları bədii kompozisiyaya tamaşa edildi. Tədbirdə iştirak edən Oğuz RİH nümayəndəsi Qəmzə Süleymanova çıxışında bildirdi ki, Azərbaycan tarixinin faciəli, lakin həm də şərəfli və qürurlu səhifəsi olan 20 yanvar hadisələri daim xatırlanmalı, gənc nəslə aşılanmalıdır. Çünki bu tarix Azərbaycanın müstəqillik tarixinin başlanğıcıdır. Sonda tədbir iştirakçılarına Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış bukletlər paylandı.




Kommentare