top of page

Azərbaycançılıq –dövlətçilik-milli vətənpərvərlik-Məruzə

  • Oğuz rayon Heydər Əliyev Mərkəzi
  • 22 мая 2017 г.
  • 2 мин. чтения

“Azərbaycançılıq” termini ölkənin siyasi həyatında yaxın illərdən başlayaraq istifadə olunur. Lap əvvəldən o, ölkədə yaşayan bütün etnik qrupları və xalqları ümumdövlət mənafeləri əsasında real surətdə birləşdirmək ideyası, xüsusilə 1992-1993-cü illərdə geniş yayılmağa başlayan şovinist-millətçilik və separatçılıq əhval-ruhiyyələri ilə mübarizəyə yönəldilmiş ideya kimi irəli sürülmüşdü. Sonralar bu ideya ölkədə geniş dəstəkləndi, yeni elementlər və strukturlarla dolğunlaşaraq ideologiya xüsusiyyətləri kəsb etdi. Məruz qaldığı bütün sınaqlara baxmayaraq, milli dövlət ideologiyası kimi “azərbaycançılıq” bu gün bizim qarşımızda dəqiq ifadə edilmiş ideya kimi durur. “Azərbaycançılıq” xalqımızın çox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir. O, real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Bu gün “azərbaycançılıq” milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizəsinin tarixi təcrübəsidir. “Vətən, onun tarixi, dili, və adət-ənənələri olmadan mən bir heç olardım” fikrini dərk edən fərd vətəndaşa çevrilir, çünki başa düşür ki, “vətənə olan təhlükə onun özünə, bütünlükdə onun varlığına olan təhlükədir”. Dövlətin öz tərəqqisini, təhlükəsizliyini, ərazi bütövlüyünü və milli ruhun varisliyini təmin etmək səylərində vətəndaş başlıca amilə çevrilir. Azərbaycan xalqının tarixi potensialını, intellektual fenomenini və mədəni irsini özündə cəmləşdirən, onları gələcəyə ötürən və bu zaman millətin birliyinə və fəaliyyətinin məqsədyönlülüyünə çalışan “ azərbaycançılıq” da bu mənada təsəvvür edilir. Ulu öndər Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun ən üstün hissəsini vurğulamışdır: ”Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Milli-mənəvi dəyərlərə dövlətçilik mövqeyindən qiymət verilməsi ölkəmizdə azərbaycançılığın qorunub saxlanması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə, hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından- hər şeydən üstün tutsun. “Azərbaycançılıq” ideyasının dərk olunmasının əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində birlik ideyası durur və bu nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların təkcə bir yox, bir çox nəsillərinə xidmət edəcəkdir və müstəqillik, milli eyniyyət tezliklə həmin nəsillər üçün həyatı, azadlığı dərk etməyin ayrılmaz atributlarına çevriləcəkdir. Bəli, azərbaycançılıq həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda – mənəvi mədəniyyətin bütün sahələrində əsas istiqamətləndirici məfkurə olmalıdır. Şifahi xalq ədəbiyyatı, el sənəti, milli musiqi, millətin mədəni-mənəvi mövcudluğunun bütün təzahürləri bu gün vahid ideya ərtafında sıx surətdə birləşməlidir. Əsrlərdən bizə miras qalmış milli-mənəvi dəyərlər nəinki təkcə müasir milli mövcudluğumuzun, həm də siyasi mövcudluğumuzun, dövlətçiliyimizin qarantına çevrilməlidir. Və əksinə. Milli- mənəvi varlığımızın qorunub saxlanması da dövlətin ən əsas funksiyalarından biri olmalıdır. Azərbaycançılıq Azərbaycan dövlətinin milli-siyasi məfkurəsinə çevrilməlidir. Bütün bunları bizə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev öyrətmişdir. Sözləri və əməlləri ilə. Bu xətti qoruyub saxlamaq və inkişaf etdirmək harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının milli şərəf borcudur.


 
 
 

Comments


 2016 by Oguzhaydaraliyevcenter.

Əlaqə nömrəsi:

Tel: 024-21-5-33-19

Email: oguzhaydaraliyevcenter@mail.ru

Ünvan:

Azərbaycan Respublikası, Oğuz rayonu, Heydər Əliyev küçəsi,83

bottom of page