"28 May-Milli qürur günümüz"
- Oğuz rayon Heydər Əliyev Mərkəzi
- 28 мая 2017 г.
- 3 мин. чтения
May ayı Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri- respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Elə Oğuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Oğuz şəhər 3 saylı məktəb-liseydə keçirilən tədbir də məhz bu günə 28 may-Respublika gününə həsr edilmişdi. Tədbirdə Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi, Oğuz rayon YAP Gənclər birliyinin nümayəndələri iştirak edirdi. Tədbir Azərbaycan Republikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı. Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru M.Abbasova 28 may Respublika günü-Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması tarixi haqqında ətraflı məlumat verdi. Məruzəçi qeyd etdi ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub. Lakin doxsan doqquz il əvvəlki Azərbaycanın taleyinə uzunömürlülük yazılmayıbmış. Müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920-ci il aprelin 27-də hökuməti təhvil verdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 701 günlük şərəfli ömrünə son qoyuldu. Türk dünyasının ilk müstəqil dövləti süquta uğradı. Lakin ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz. 1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını-azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinəşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Çiçəklənmə, iqtisadi inkişaf dövrü başlandı. Uzaqgörən liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Ölkə daxilində yaranmış nisbi sakitlikdən və beynəlxalq aləmdə Azərbaycana qarşı artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlanan ilk neft müqaviləsinin imzalanması və gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Ulu öndər Heydər Əliyevin sayəsində yeni yüzilliyə, həm də yeni minilliyə müstəqil dövlət kimi qədəm qoymaq tariximizdə ilk dəfə baş verdi və bu, əbədi proses olacaqdır. Məhz Heydər Əliyev müasir müstəqil Azərbaycanın arxitekturasını yaratmış, milli dövlətçiliyimizin ideya təməlini qoymuşdur. Heydər Əliyevin dərindən düşünülmüş, hazırlanmış və qətiyyətlə həyata keçirilən daxili və xarici siyasət kursu bu gün bütün istiqamətlərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan bu gün Cənubi Qafqazda sabitlik və tərəqqi adasıdır. O, gündən-günə inkişaf edir, daha da inamlı olur. Bütün bunlar ölkəni və Azərbaycan cəmiyyətini inkişafın daha yüksək pillələrinə aparır. Daha sonra çıxış etmək üçün söz məktəb-liseyin tarix müəllimi M.Kərimovaya verildi. Çıxışçı Azərbaycan Xalq Cumhuriyyətinin mövcud olduğu 23 ay ərzində demokratik hüquq və azadlıqların bərqərar olunması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair istiqamətdə gördüyü işlər haqqında məlumat verdi. Məruzə və çıxışlar uyğun videoçarxların təqdimatı ilə aparıldı. Daha sonra məktəbin 9h sinif şagirdləri Müstəqil Azərbaycan haqqında bədii-kompozisiya təqdim etdilər. Sonda Oğuz rayon YAP Gənclər birliyinin sədri M.Ramazanov Azərbaycan tarixinin 28 may kimi şərəfli səhifələrinin öyrədilməsinin gənclərin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətindən danışdı və qeyd etdi ki, müasir Azərbaycanın inkişafının başlıca yekunlarından biri dövlət başçısı İlham Əliyevin bu sözlərində bariz ifadəsini tapmışdır:”Azərbaycan bu illər ərzində həm öz vətəndaşlarına, həm də dünyaya sübut etdi ki, biz müstəqil ölkə, azad xalq kimi yaşayırıq,yaşaya bilərik!”



Comments