top of page

Sağlam ailə -sağlam nəsil, sağlam millət deməkdir.

  • Oğuz rayon Heydər Əliyev Mərkəzi
  • 15 мая 2017 г.
  • 5 мин. чтения

Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir. Ölkəyə başçılıq etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edirdi: "Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”. Azərbaycan xalqının sadiq oğlu, Ümummilli Lider Heydər Əliyevin ailəsi də gənclərimizə örnəkdir. Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev bu uğurun arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Böyük şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. O qeyd edirdi ki, ".... Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”. Heydər Əliyev ailədaxili münasibətləri cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində də tətbiq etməyə çalışırdı. Bu baxımdan o, ailədə və cəmiyyətdə xüsusi yeri olan qadın və uşaqların hüquqlarının müdafiə olunmasını zəruri hesab edirdi. O deyirdi ki: "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Qürurla qeyd edə bilərik ki, Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadını yeni nəsli dünyaya gətirmək, onu tərbiyə etmək, vətənə layiq böyütmək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini də könüllü surətdə daşıyır. Bizim qadınlarımız istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə ictimai həyatda fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələri tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı qadınlar həm də, ictimai-siyasi proseslərdə fəal iştirak edərək cəmiyyətin qurucusuna çevrilirlər. Xüsusilə, savadlı, yüksək səviyyəsi və dünyagörüşü olan qadın həm də sağlam cəmiyyət, gələcək deməkdir. Ulu Öndər hər zaman qadınlarımızın, gənc qızlarımızın, xüsusilə də kəndlərdə yaşayan qadınlarımızın təhsili, ictimai fəallığının yüksəldilməsi məsələlərini nəzərdə saxlamışdır. Hələ 70-ci illərin ortalarında, rəsmi iclaslarda çəkinmədən qızların təhsildən yayınması, erkən nikah, qadına qarşı zorakılıq halları ilə bağlı problemləri qeyd edirdi. Mən sizə Ümummilli Liderin bir neçə fikirlərini nümunə çəkmək istərdim: "Təəssüf ki, bizdə azərbaycanlı qızların yuxarı siniflərindən yayınması, tez nişanlanması, hədd-buluğa çatmayan qızların ərə verilməsi faktları hələ də vardır”. " Bu gün böyük kədər hissi ilə qeyd etmək lazımdır gəlir ki, respublikanın bəzi rayon və kəndlərində qadına hörmətsizlik hallarına, geri qalmış baxışların təzahürlərinə, köhnəlmiş patriarxal adətlərin icrasına hələ də təsadüf edilir”. O, qadınların kəndin ictimai həyatında çox az iştirak etdiyini bildirirdi. Buna səbəb isə onların peşə biliklərini və mədəni səviyyələrini artırmaq üçün məktəb və kurslara az cəlb olunmasını göstərirdi. Hakimiyyətinin bütün dövrlərində qadınlarımızın, gənc qızlarımızın savadlı, bilikli olması üçün mühüm addımlar atmışdır.

Ailənin bütövlüyünün qorunmasında Azərbaycan qadınının özünəməxsus yeri vardır. Böyük mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşmışdır. Ümummilli Lider Heydər Əliyev ailədə ananın rolunu yüksək qiymətləndirirdi: ".... Amma ən əziz amil odur ki, hər bir insan dünyada həyatına görə, bütün varlığına görə anaya borcludur. "Ana” sözü müqəddəsdir. Təsadüfi deyil ki, biz Vətənə də "Ana Vətən” deyirik, torpağa da "Ana torpaq” deyirik. Anaya hörmət, ana qarşısında borcunu yerinə yetirmək hər kəsin ən ali vəzifəsi olmalıdır. Ana cəmiyyətimizə yararlı olan zəkalı, istedadlı insanlar böyüdərək, onları vətənə bəxş edir. Ana ailənin dayağıdır. Hər bir ailənin səadəti, əmin-amanlığı birinci növbədə ananın rolundan və onun fəaliyyətindən asılıdır. Hər birimiz anaya borcluyuq və hər bir qadın da ana olmaqla xoşbəxt olur. Müharibələrdə vuruşan qəhrəman, cəsur Azərbaycan övladlarını boya-başa çatdıran bütün analar, qadınlar cəmiyyətimizdə xüsusi yer tuturlar. Bütövlükdə isə, biz həmişə Azərbaycan ailələrinin möhkəmliyi ilə fəxr etmişik. Bu, əsasən milli mentalitetimizdən irəli gəlir. Ailə üzvləri arasında səmimi, mədəni münasibət, böyük-kiçik yerinin bilinməsi, valideyn-övlad münasibətlərinin düzgün qurulması bizim ailələrə xas olan keyfiyyətlərdir. Əgər ölkəmizdə yüzlərlə, minlərlə insan qurduqları ailələrin brilyant, qızıl, gümüş yubileylərini keçirirlərsə, bu o deməkdir ki, Azərbaycanda ailə modeli qorunur və nəsildən – nəslə yaşadılır. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə İnstitutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə, inkişaf etməsinə zəmin yaradır. 90-cı illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan mühüm beynəlxalq Konvensiyalara qoşulmuş və respublikamızda müvafiq qanunlar qəbul edilmişdir. Azərbaycan Respublikası BƏT-in "Kişi və qadın işçilər — ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli, BMT-nin "Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, "Uşaq Hüquqları haqqında”, "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında”, "Uşaqların kənd təsərrüfatında işə buraxılmasının minimum yaşı haqqında”, "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” və digər Konvensiyalara qoşulmuşdur. Dövlət tərəfindən ratifikasiya edilmiş Konvensiyalara əsasən daxili qanunvericilikdə mühüm islahatlar aparılmışdır. "Ailə kəndli təsərrüfatı haqqında”, "Uşaq hüquqları haqqında”, "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, "Uşaqların icbari dispanserizasiyası haqqında”, BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının, onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında» və "Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı” Protokolların təsdiq edilməsi barədə, "Ərdə olan qadının vətəndaşlığı haqqında”, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”, "Ahıllara sosial xidmət haqqında”, "Nikahdan kənar doğulmuş uşaqların hüquqi statusu haqqında”,"Uşaqlı ailələrin sosial müdafiəsi haqqında” və digər Qanunlar qəbul edilmişdir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şərəflə davam etdirən, artıq dünya siyasi xadimləri sırasında öz layiqli yerini tutan Cənab Prezident İlham Əliyev tərəfindən bu sahədə islahatlar aparılmışdır. Xüsusilə, ailə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün 1998-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında, Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə, 2006-cı ildə bu sahədə vahid dövlət siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdı. Ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində hüquqi islahatlar aparılmışdır. Azərbaycan Respublikasının "Gender (kişi və qadınların) bərabərliyinin təminatları”, "Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunları hüquqların bərabərliyi istiqamətində atılmış ən uğurlu addımlardandır. Bu bir həqiqətdir ki, sağlam ailə sağlam nəsil, sağlam millət deməkdir. Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modeli kimi qiymətləndirilir. Bugünki gənc nəslin ən ümdə vəzifəsi sağlam ailəyə sahib olmaq, qurulan ailələri hər cür mənfi təsirlərdən qorumaq, ailədə tərbiyəli mühit formalaşdırmaq və gələcək Müstəqil azərbaycan üçün sağlam, bilikli, savadlı, tərbiyəli və məviyyatlı övladlar yetişdirmək olmalıdır.


 
 
 

Comments


 2016 by Oguzhaydaraliyevcenter.

Əlaqə nömrəsi:

Tel: 024-21-5-33-19

Email: oguzhaydaraliyevcenter@mail.ru

Ünvan:

Azərbaycan Respublikası, Oğuz rayonu, Heydər Əliyev küçəsi,83

bottom of page